Kollecdə “Dövlət Müstəqilliyinin Bərpası Günü” ilə bağlı açıq dərs keçirildi
18 oktyabr 2021-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin “Qida məhsullarının texnologiyası” ixtisasının I kurs tələbələrinə “Azərbaycan tarixi” fənnindən Müstəqilliyin Bərpası Gününün 30 illiyinə həsr edilmiş açıq dərs keçirildi. İlk əvvəl Kollecin direktoru dosent Ruslan Həmidov Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu 1 dəqiqəlik sukutla yad etdi. Sonra çıxış edərək bildirdi ki, Azərbaycan xalqı dövlət müstəqilliyini əsrimizin əvvəlində əldə edibdir. 1918-ci ildə ölkəmizdə ilk demokratik respublika yaranıb, Azərbaycan müstəqil dövlət olubdur. Sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində Azərbaycan xalqı milli azadlığından, dövlət müstəqilliyindən, milli-mənəvi ənənələrindən məhrum olmuş, ikinci dəfə öz müstəqilliyini XX əsrdə bərpa etmişdir. 18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Biz bu qalibiyyəti başda Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borcluyuq. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası “İstiqlal Bəyannaməsini” imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitutsiya Aktına əsasən xalqımız öz müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Lakin müstəqilliyin bərpasından iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyimizin itməsi təhlükəsini yaratdı. Lakin böyük siyasi təcrübəyə malik olan Ümumilli Lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir.
Məruzə üçüçn söz Kollecin “Tarix və ictimai elmlər” FBK-nın müəllimi Qətilə Şükürovaya verildi. Məruzəçi dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilməsindən söz açdı. Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, eyni zamanda elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər. səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır və inkişaf etdirilir. Ölkəmizdə tam ictimai-siyasi sabitlik vardır, insanlarımız rahat yaşayır və onların rahat yaşaması üçün hər cür şərait yaradılıbdır. Bu da müstəqilliyimizin bəhrəsidir. Azərbaycan bundan sonrada öz müstəqilliyini qoruyub saxlayacaq və Respublikamız daha da inkişaf edəcəkdir.
Azərbaycan xalqı bütün bunların əldə olunması üçün böyük çətinliklərdən keçmiş, torpaqlarımızın müdafiəsi, ölkəmizin suverenliyi, ərazi bütövlüyünün müdafiəsində oğul və qızlarımız qəhrəmancasına vuruşmuş, həyatlarını qurban vermişlər. Buna görə müstəqilliyimizi qorumaq, onu daim müdafiə etmək hər birimizin ən müqəddəs borcudur. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin,öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir,daimidir və sarsılmazdır. Daha sonra Kollecin I kurs tələbələri Simarə Məmmədli, Nahidə Əlizadə, Anaxanım Rzazadə, Amil Hüseynov və Zeynəb Əmrayevanın çıxış və şerləri dinlənildi. Açıq dərsdə Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, şöbə müdirləri İlahə Əyyubova, Dəyanət Əsgərov, İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d. Cəmil Quliyev, psixoloq Zülfiyyə Əliyeva, müəllimlər Nazim Qüvvətli, Emin Əsgərov iştirak edirdilər.