LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 2 fevral “Gənclər günü” ilə bağlı “Gənclər siyasəti dövlətin əsas istiqamətlərindəndir” adlı tədbir keçirildi.

31 yanvar 2022–ci il tarixində Kollecin akt zalında müəllim və tələbələrin iştirakı ilə 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə  Kollecin 44 günlük Vətən müharibəsi iştirakçısı və qazi tələbələri də iştirak edirdilər. Tədbir Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva açaraq tələbələri 2 fevral-“Gənclər günü” münasibəti ilə təbrik etdi. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq gənclər siyasətinin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini bildirən məruzəçi ilk dəfə 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu keçirilməsini qeyd etdi. Ümummilli liderimiz Heydər Əliyev 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam qüvvəyə mindiyi gündən 25 il ötür. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Sonra Kollecin II kurs tələbəsi, qazi övladı Ləman Quliyeva məruzəsində bildirdi ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də “Dəmir yumruq” əməliyyatı ilə sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Kollecin II kurs tələbəsi Aytac Əliyeva öz çıxışında qeyd etdi ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də sosial şəbəkə üzərindən yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir.

                                                                       

Bir cavab yazın