Kollecdə YAP Lənkəran rayon təşkilatı 4 saylı ərazi partiya təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99–cu ildönümünə həsr olunmuş tədbir keçirildi.
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99–cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru, YAP Lənkəran rayon təşkilatı 4 saylı ərazi partiya təşkilatının sədri Ruslan Həmidov açaraq qonaqları salamladı. İclasda YAP Lənkəran rayon təşkilatının məsləhətçisi Yalçın Əliyev, Kollecin müəllim və tələbələri iştirak edirdilər. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Direkor iclası giriş sözü ilə açaraq Ulu öndərin və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdi. Sonra çıxış edərək bildirdi ki, Ümimmilli lider Heydər Əliyevin böyük xidmətləri nəticəsində gənc müstəqil dövlət ayaqları üzərində möhkəm dayanaraq XXI əsrə qədəm qoydu. Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, rəhbərlik etdiyi dövr ərzində xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoyub. Keçmiş Sovet İttifaqının dağılmasından sonra müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyev müəllifi olduğu azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini tapmasında və dövlətçiliyin, milli birliyin formalaşmasında mühüm rol oynayıb. Müstəqilliyin bərpasından sonra ölkə həyatının bütün sahələrində aparılan islahatlara əzmlə rəhbərlik edən Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı proqramlar, nəhəng, dünya miqyaslı layihələr ölkəni Azərbaycan xalqının adına layiq bir məmləkətə çevrilmişdir. Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu dövlət strategiyası Azərbaycana yüksək inkişaf və sabitlik gətirib. Onun rəhbərliyi altında həyata keçirilən praqmatik və balanslaşdırılmış siyasət ABŞ, Avropa İttifaqı, Türkiyə, Rusiya və İran kimi dövlətlərlə konstruktiv əməkdaşlıq əlaqələri qurmağa imkan yaratdı. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib.
Məruzə üçün söz, YAP Lənkəran rayon təşkilatı 4 saylı ərazi partiya təşkilatının sədr müavini Cəmil Quliyevə verildi. “Şuşa ilinin ön sozü:”Heydər Əliyev və Zəfər tarixi” adlı məruzə ilə çıxış edən tarixçi alim bildirdi ki, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev 5 yanvar 2022–ci il tarixində imzaladığı sərəncamla Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni–mənəvi dəyərini nəzərə alaraq 2022–ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan etdi. Prezidentimiz Şuşanı işğalçılardan azad etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş oldu. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752–ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai–siyasi həyatında müstəsna rol oynamışdır. Aprelin 22–si və 23–də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – “Zəfər Qurultayı”nda 65 ölkədən 400–dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra xalqımız üçün ən gözəl müjdədir. Bu, çox əhəmiyyətli və dəyərli bir təşəbbüsdür. Böyük siyasi əhəmiyyət kəsb edən bu tədbiri ilk öncə Azərbaycan xalqının milli birliyinin təcəssümü kimi dəyərləndirmək lazımdır. Mədəniyyət paytaxtımız olan azad Şuşada keçirilən bu toplantı bir daha sübut etdi ki, sayı 50 milyonu ötmüş dünya azərbaycanlılarının ürəyi hər zaman doğma Vətənin nəbzi ilə bir vurur. Bu, dünyaya verilən bir ismarıcdır. Biz hər zaman öz milli mənliyimizə və qürurumuza sahib çıxa biləcək böyük və qalib xalqıq. Milli həmrəylikdən söz düşərkən ilk növbədə gözümüzün önündə ən böyük azərbaycanlı saydığımız Ulu öndər Heydər Əliyevin siması canlanır. Heydər Əliyev məhz soydaşlarımızın “azərbaycançılıq” ideyası ətrafında sıx birləşərək təşkilatlanması istiqamətində göstərdiyi ölçüyəgəlməz xidmətləri sayəsində “Ümummilli lider” zirvəsinə yüksəlmişdir. Ona görə də “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!” sözləri bu gün vətəninə və xalqına bağlı olan hər bir azərbaycanlının milli birlik şüarına çevrilərək həmrəylik himni kimi səslənir. Bu mənada “Zəfər qurultayı”nın Ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsində baş tutması həm də Heydər Əliyev şəxsiyyətinə milli ehtiramın ifadəsidir. Ən əsası, sonuncu prezident seçkilərindən sonra 2018–ci il aprelin 18–də keçirilən andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün bərpasının zəruriliyinə bir daha toxunan cənab İlham Əliyev qətiyyətli Lider, cəsur Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi fəaliyyətini davam etdirərək ali məqsədə nail olaraq strateji hədəfə çatdı və torpaqlarımız işğaldan azad edildi. Sözsüz ki, bu, xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsidir. Bu, Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin real nəticəsidir.
Çıxış üçün söz Kollecin Tələbə Gənclər Təşkilatının sədri, IV kurs tələbəsi Elnarə Miriyevaya verildi. “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”dən danışan TGT sədri əlavə etdi ki, XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli Lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.
Sonra şer parçaları ilə “Ulu Öndər Ulu sərkərdə” Kollecin II kurs tələbəsi Zeynəb Cavadzadə, Zəlimxan Yaqub–“Prezident ömrünün son saatları” adlı şerlə IV kurs tələbəsi Fidan Dadaşzadənin ifaları dinlənildi.
Tədbirlər planına uyğun olaraq 10 may 2022-ci il tarixində Kollecdə “Ümummilli lider Heydər Əliyevin 99 illik yubileyi”nə həsr olunmuş “Voleybol” idman növü üzrə keçirilən final oyununda qızlardan ibarət qruplar arasında I yerə “Fiziki tərbiy müəllimliyi” ixtisasının III kurs tələbələri, oğlanlardan ibarət qruplar üzrə isə “Komputer sistemləri və kompleksləri” ixtisasının tələbələri I yeri tutmaq münasibətilə qaliblərə təşəkkür elan edildi.
Bakı şəhərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cü ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Respublika mahnı və şer müsabiqəsində iştirak edən Kollecin IV kurs tələbələri Fidan Dadaşzadə və Röya Quliyeva Təhsil naziri Emin Əmrullayev tərəfindən fəxri fərmana layiq görülmüşlər. Bu münasibətlə direktor onların hər birinə 100 manat məbləğində pul mükafatı verilməsi ilə bağlı elanı nəzərə çatdırdı. Tədbirin sonunda Kollecin foyesində Fənn Birləşmə Komissiyalarının və Tələbə Gənclər Təşkilatının büllütenlərində Ümummilli lider Heydər Əliyevin həyat yolu ilə bağlı məqalələrə baxış keçirildi.
Cəmil Quliyev
YAP Lənkəran rayon təşkilatı 4 saylı ərazi partiya təşkilatının sədr müavini