Kollecdə “Tələbələr arasında erkən nikah və narkomaniyaya qarşı mübarizə” adlı tədbir keçirildi.
15 Noyabrın 2021-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin akt zalında Lənkəran şəhər Ağsaqqallar Şurasının və Kollecin birgə təşkilatçılığı ilə “Tələbələr arasında erkən nigah və narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Kollecin müəllim və tələbələrinin, Ağsaqqallar Şurasının üzvlərinin iştirak etdiyi tədbirdə erkən nigahın yaratdığı problemlər, narkomaniya və psixotrop maddələrin fəsadlarından geniş bəhs edildi.
Kollecin direktoru dosent Ruslan Həmidov narkomaniya və erkən nikahın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirdi. Ruslan Həmidov son illər ölkə miqyasında narkomaniya və erkən nigaha qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğuladı, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etdi. O həmçinin vurğuladı ki, direktoru olduğu Kollecdə bu cür halların baş verməməsi üçün onun təşkilatçılığı ilə mütəmadi olaraq elmi-praktik konfranslar keçirilir.
Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov tədbir haqqında geniş məlumat verdikdən sonra məruzə ətrafında çıxış edən Ağsaqqallar Şurasının üzvü Güloğlan Bağırov bildirdi ki, erkən nikah və narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir. Narkomaniya və gənclərin erkən nigaha cəlb olunması ilə hər kəs mübarizə aparmalı, bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməliyik. Sonda Ağsaqqallar Şurasının sədr müavini Səyavuş Süleymanlının çıxışı dinlənildi. Yazıçı, publisist Səyavuş müəllim yazdığı şer, oçerk, povestlərdən ibarət jurnal və kitabçaları Kollecin tələbələrinə hədiyyə etdi.
Cəmil Quliyev
Kollecin müəllimi, tarix üzrə fəlsəfə doktoru