Kollecin müəllim və tələbələri “Zəfər Günü”ndə “Hərbi Qənimətlər Parkı”na səyahət etmişlər
8 noyabr 2021-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllim və tələbələri “Hərbi Qənimətlər Parkı”nda olmuşlar. Tur çərçivəsində Kollecin şəhid ailə üzvləri, müharibə iştirakçısı və qazi tələbələri də iştirak edirdilər. İştirakçılar Lənkərandan Bakıya gələrək Parkda olan hərbi qənimətlərlə tanış olmuşlar. Parkın girişində “Zəfər Günü”nə həsr edilmiş sərgiyə və stendlərə baxış keçirmişlər. Sonra Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbədən sonra əldə edilmiş hərbi texnikaları seyr etmişlər.
Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi.
Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Bütün bunları parkda texnikalara baxıb gəzərkən döyüş səhnələrinin necə getdiyinin şahidi olursan.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. Sonda parkın kino zalında Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Azərbaycan ordusunun keçdiyi Şuşa döyüşlərindən bəhs edən videorolik tamaşa olundu.
Cəmil Quliyev
Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.