LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 20 yanvar faciəsinin 32–ci ildönümü ilə bağlı tədbir keçirildi
19 yanvar 2022–ci ildə Kollecin akt zalında müəllim və tələbələrin iştirakı ilə tədbir keçirildi. Əvvəlcə Kollecin foyesində tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru dosent Ruslan Həmidov 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu qeyd etdi. Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət zamanı 150 nəfər silahsız mülki şəxsin, o cümlədən uşaqların, qadınların və yaşlıların amansızcasına öldürüldüyünü, paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insanın yaralandığını, yüzlərlə adamın itkin düşdüyünü, 841 nəfərin qanunsuz olaraq həbs edildiyini qeyd edən direktor hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli lider Heydər Əliyevin faciənin təşkilatçılarını şiddətli şəkildə qınadığını, ifşaedici və cəsarətli bəyanat verdiyini xatırladıb. Sonra məruzə üçün söz Kollecin “Tarix və ictimai elmlər” FBK–nın müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev verildi. Məruzəçi Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini eləcə də milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdi. O, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, ölkəmizin Moskvadakı nümayəndəliyində çıxışını, daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, onun davamçısı, cənab Prezident İlham Əliyevin də bu yola sadiq qalmasını qeyd etdi. Bildirildi ki, 20 yanvar gecəsi qanlı yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Biz həmin gecə Azərbaycanın suverenliyi uğrunda canından keçən insanları şəhid və əsl qəhrəman sayırıq. Sonra çıxış üçün söz Kollecin “Vokal sənəti” ixtisasının I kurs tələbəsi Vüsal Quliyevə verildi. O, bildirdi ki, 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 32 il ötür. Hər il Ümumxalq hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir. Daha sonra şer söyləmək üçün Kollecin III kurs tələbələri Səbinə Qafarlı və qazi övladı Ləman Quliyevaya söz verildi. Tələbələr şəhidlər haqqında hazırladıqları “20 yanvar gecəsində” adlı şer söylədilər. Tədbirin sonunda 20 yanvar faciəsinə həsr olunmuş videorolik nümayiş olundu