LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Xocalı soyqırımının 30–cu ildönümü keçirildi.
25 fevral 2022–ci il tarixində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə YAP Lənkəran rayon təşkilatı ilə birgə Xocalı faciəsinin 30–cu ildönümünə həsr olunmuş “Erməni vandalizminin Xocalı izləri” adlı tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Kollecin foyesində “Təsviri incəsənət müəllimliyi” ixtisasının tələbələrinin əl işlərindən ibarət foto stendə və sərgiyə baxış keçirdilər. Kollecin akt zalında baş tutan tədbiri giriş sözü ilə direktor Ruslan Həmidov açdı. İlk əvvəl Xocalı soyqrımında və Qarabağ uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Kollecin direktoru dosent Ruslan Həmidov çıxışında bildirdi ki, bu soyqırımın 30–cu ildönümü ilə əlaqədar Kollecdə tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi təşkil edilmiş, dəhlizdə foto stent açılmış, kitabxanada xüsusi guşə yaradılmışdır. Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqırımına həsr edilmiş xüsusi nömrələr buraxılmışdır. 25 fevral tarixində keçirilən ilk dərslər Xocalı soyqrımına həsr olunmuşdur. Sabah yəni 26 fevral 2022–ci il tarixində Lənkəran şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi Kollecin əməkdaşları tərəfindən ziyarət olunacaqdır. Soyqırım nəticəsində 63–ü uşaq, 106–sı qadın, 70–i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmişdir, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76–sı uşaq idi. 1275 əsir, 150 nəfər itkin düşmüşdür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Sonra məruzə üçün söz Kollecin “Aqrar və texnoloji” şöbə müdiri Dəyanət Əsgərova verildi. Məruzəçi bildirdi ki, Xocalı Soyqırımı XX əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biridir. Bu sıraya Xatın, Xirosima, Naqasaki və s. daxildir. Əsrin sonunda törədilmiş bu faciə sadəcə Azərbaycan əhalisinə qarşı törədilməmiş, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir. Daha sonra “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının IV kurs tələbəsi, TGT sədri Elnarə Miriyeva çıxışında Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib və gəncləri vətənpərvər olmağa səsləyib. Faciənin xalqımıza qarşı soyqırımı aktı kimi dünyada tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edib. Çıxışdan sonra Kollecin tələbələri Fidan Dadaşzadə və Səbinə Qafarlının “Xocalı ay Xocalı” adlı şerləri dinlənildi. Tədbirin sonunda Kollecin III kurs tələbəsi, TGT üzvü Ləman Quliyevanın hazırladığı “Xocalı soyqırımı–30” hadisələrə həsr olunmuş videoçarx nümayiş olundu.