Muzeydə Şəhidin sərgisi təşkil edildi

Muzeydə Şəhidin sərgisi təşkil edildi

15 Oktyabr 2021-ci il tarixində Lənkəran Tarix Diyarşunaslıq muzeyində 44 günlük Vətən muharibəsi Şəhidi Murad Hüseynzadənin sərgisi təşkil olunmuşdur. Keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Şəhidin ailə üzvləri, Kollecin tələbələri, muzeyin əməkdaşları, Lənkəranlı gənc fəal Allahverən Pərviz oğlu, Lənkəran rayonu Şağlaser kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edirdilər. Qonaqlar Şəhidin həyat və döyüş yolundan xatirələrini bölüşüblər. Tədbirə Kollecin II kurs tələbələri Məhəmməd Hüseynzadə (Şəhid Murad Hüseynzadənin qardaşı), Əkbər Məmmədli (Şəhid Elməddin Məmmədlinin qardaşı) və Elvin Nurullayev də (Şəhid Anar Nurullayevin qardaşı) qatılmışdılar. Tədbirin sonunda müəllim və tələbələr Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin adını daşıyan xatirə parkını ziyarət etmiş, büstü önünə gül çiçəklər düzmüşlər.  Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub.

Vətəni sevmək imandandır. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.  Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan oğullar elə bir tarix yazdılar ki, onların qəhrəmanlığı dillərdə dastana döndü və əbədiyyətədək yaşayacaq. 30 il həsrətində olduğumuz Zəfər sevincini qanları bahasına 44 günə bizə yaşadan igidlərin sırasında 22 il bundan əvvəl Lənkəran rayonunun Şağlaser kəndində dünyaya göz açmış Murad Mahmud oğlu Hüseynzadə də var.
Vətənə, torpağa sevgi ilə böyüyən Murad orta məktəbi başa vuranda hamı onun xalqa fayda vermək əzminə, sağlam əqidəsinə, gözəl əməllərə can atmasına heyran kəsilir.

Murad 2013-2015-ci illərdə Lənkəran Zabitlər Evində oxumaqla “Tibb təlimatçısı” ixtisasına yiyələnir. Həqiqi hərbi xidmətə də əzəli yurd yerimiz olan Qarabağı azad görmək arzusu ilə yola düşür.
Murad cəbhə xətində Vətən qarşısında borcunu şərəflə verir. Qulluq dövründə çətin məqamlarda belə müqəddəs saydığı Vətən torpağına sipər, yağı düşmənə çəpər olmağı bacaran igid kimi tanınır. Erməni işğalçılarına nifrət bəsləməklə, zəfər günümüzə də ürəkdən inanır. Elə bu, inamla əsgəri xidmətini üzüağ başa vurub evinə dönür.

Lənkəran Regional Narkoloji Xəstəxanasında ixtisası üzrə çalışır. Gözəl həyat naminə öz işinə təmiz, ulu duyğularla yanaşır.
Azərbaycan torpaqlarının azadlığı uğrunda II Qarabağ müharibəsi başlananda Murad cəbhəyə yola düşür. Vətəni öz qanı bahasına yaşadan oğullarla Füzuli istiqamətdə yağıya qan uddurur. Məğlub olan işğalçılar rayonu tərk edib silah-sursatlarını belə götürmədən qaçırlar. Füzuli tamamilə azad edilir.
Murad bundan sonra Cəbrayılın, Qubadlının hər qarışı uğrunda əzmlə mübarizə aparır. 33 gün odun-alovun içində ağır döyüş yolu keçir. Düşməndən ürəyincə qisas aldıqdan sonra Qubadlıda şəhid olub əbədiyyətə qovuşur.
Dostumuz, Şağlaserli jurnalist Ağaddin Babayev deyir: “Muradın cəsarətinə, səmimiyyətinə, saflığına söz ola bilməzdi. O, öz xalqını, Vətənini canından artıq sevirdi. Qarabağın düşmən tapdağında olması onu çox narahat edirdi”.

Murad Vətən torpaqlarının azadlığı naminə yaşına uyuşmayan bir qəhrəmanlıq göstərdi. Qana susayan düşməni qanda boğmaqla tarix yazdı. İndi bizim qəhrəman Muradla bütün Azərbaycan xalqı fəxr edir. Onu da deyim ki, dövlətimiz də igid Vətən oğlunun müharibədə göstərdiyi hünərə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə yüksək dəyər verib. Doğrudur, Murad onları döşündə gəzdirə bilmədi. Amma bizim, eləcə də gələn nəsillər üçün yadigar qoydu. Allah rəhmət eləsin. Vətən başın sağ olsun! Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaqBax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala biliblər. İgid qardaşlarımız bu qəhrəmanlığı, mübarizliyi aprel döyüşləri, 44 günlük Vətən  müharibəsi zamanı bütün dünyaya nümayiş etdirdilər. Düşmən təxribatının qarşısını alarkən canından keçən nə qədər mərd oğullar fəda verdik. Həmin gün onlar düşməni bir addım da irəli buraxmamaq üçün son damla qanlarına kimi vuruşdular. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Mubariz İbrahimov, Pəncəli Teymurov, Polad Həşimov, Vüsal Kazımov, Emil Qurbanov, Aqşin İbadov və başqaları bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan–qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. Sizinlə fəxr edirik.!

                                                       Cəmil Quliyev

                                     LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin

                                    ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.

 

Bir cavab yazın