Bəxtiyar Vahabzadənin istiqlalçı, vətənpərvər və milli ruhlu poeziyası.

Bəxtiyar Vahabzadənin istiqlalçı, vətənpərvər  və milli ruhlu poeziyası.

Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır.
Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.
B.Vahabzadə yaradıcılığında azərbaycançılıq və bütöv Azərbaycan mövzusu daima öz aktuallığını qorumuş və oxucuların diqqətini özünə cəlb etmişdir. Həm şair, həm alim, həm də ictimai xadim kimi Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin inkişafına bənzərsiz töhfələr vermiş şair özündən sonra böyük ədəbi irs qoyub, getmişdir.
Şairin insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır.
O, öz dövrünün siyasi rejiminin ən mürəkkəb, amansız dövrlərində yaşayıb-yaratmış, son dərəcə zəngin ədəbi irs qoyub getmişdir. Milli dövlətçilik uğrunda mübarizənin ön sıralarında gedən mütəfəkkir şair Azərbaycanın müstəqillik əldə etməsindən sonra yaradıcılığını davam etdirmiş, istiqlal poeziyasının bir sıra dəyərli örnəklərini yaratmışdır.
Azərbaycan ədəbiyyatı tarixinin istiqlaliyyət savaşı mövzusundan söz açılanda Əhməd Cavaddan, Almas İldırımdan sonra anılan, eləcə də Azərbaycan ədəbiyyatında sovet zülmünə qarşı açıq etiraz edən, səsini ucaldan ilk şair Bəxtiyar Vahabzadə olmuşdur. Bəxtiyar Vahabzadə təkcə Azərbaycan mədəniyyətinin deyil, həm də Azərbaycan gerçəkliyinin tərkib hissəsidir, çox sayda azərbaycanlı, xüsusilə gənc nəsil həqiqi idealını Bəxtiyar Vahabzadə poeziyasında tapıb. Bu poeziya ürəklərə təpər, tərəddüd keçirən qəlblərə qətiyyət və inam bəxş etmişdir. Onun poeziyası mənəvi nur, səfərbəredici vasitə kimi həmişə öndə olub.
Sovet dönəminin dissident şairi Bəxtiyar Vahabzadə sistemli şəkildə totalitarizmi qamçılamaqdan, istiqlal mücadiləsinə hesablanmış şeirlər yazmağından qalmamışdı. Bu, onun üçün zəruri bir missiya idi.
B.Vahabzadə poeziyası milli istiqlal, azadlıq uğrunda savaş müstəvisində tarixi yaşadan, tarixi istiqlal, azadlıq, haqq-ədalət, dirəniş, mübarizə yoluna yönələn poeziyadır. Mənsub olduğu xalqın həyat, yaşam qayəsini qan yaddaşına, kökə yönəltmək, onu oyatmaq, mübarizəyə qoşmaq B.Vahabzadə yaradıcılığının başlıca missiyasıdır. Bu poeziya milli-mənəvi varlığımızın yenilməzliyinə, kökdən gəlib kökə getməsinə, öz haqqına sahib çıxma savaşının müqəddəsliyinə ucaldılmış əbədiyyət abidəsidir.
B.Vahabzadə yaradıcılığı bütövlükdə və bütün yönləri ilə Azərbaycan poetik təfəkkürünün istiqlal çələngidir. Müstəqilliyimizin bərqərar olması, istiqlaliyyətimizin var olması prosesində B.Vahabzadə yaradıcılığının müstəsna, əbədiyaşar yeri var. Bu poeziya zaman-zaman yağmalanmış, tikə-tikə doğranmış, olmazın zülmünə düçar edilmiş, haqqı tapdalanmış, namərdliklə üz-üzə qalmış Azərbaycanımızın yaralarına məlhəm olan, ona bu bəlalardan çıxış yolu göstərən bir vasitədir. Bu poeziya Babək əqidəsi, Koroğlu yenilməzliyi, Şah İsmayıl Xətai cəsarəti ilə yoğrulub. Onun poeziyası yaddaşın, milli düşüncənin fəryadı, oyanış təbili kimidi. Şair hər an milli düşüncəyə mesaj verir ki, ayıq olun, sayıq olun, milli kimliyimizə sahib çıxın.
Heç də təsadüfi deyil ki, 1988-ci ildə Azərbaycan xalqının milli-azadlıq hərəkatının alovlanması, müstəqillik uğrunda aparılan mübarizə B.Vahabzadənin də yaradıcılığında yeni bir mərhələnin başlanğıcı oldu. İstiqlal mövzusu onun poeziyasında ən əsas, aparıcı mövzuya çevrildi. Çünki, B.Vahabzadə ömrü boyu xalqının, millətinin istiqlalını arzulamış, bu amal yolunda təqiblərdən, sistemin təhdidlərindən belə çəkinməmişdir.
Sovet hakimiyyəti illərində xalqının düşdüyü acınacaqlı vəziyyəti, rus imperiyasının apardığı assimilyasiya siyasətini, milli zülmü əsərlərində əks etdirməyə çalışan yazıçılar və şairlər arasında B.Vahabzadənin müstəsna rolu olmuşdur. 1959-cu ildə yazdığı “Gülüstan”, 1963- cü ildə qələmə aldığı “Yollar və oğullar” poemalarında o, ölkəsinin müstəmləkə halında yaşadığını, milli tarixinin və soykökünün inkar edilməsini böyük vətəndaş-şair əzmkarlığı ilə bəyan etdi. Bütün yaradıcılığı və yaşamı boyunca B.Vahabzadənin qəlbində millətin ağrıları qövr edib. Bu problemdən çıxış yolu onun baş mövzusu olub.
Həmin o ağır illərdə qələmə aldığı “Ağlar güləyən” adlı poemasında B.Vahabzadə M.Ə.Sabirin dili ilə öz azadlıq arzusunu belə ifadə edir:
İstəyirəm azadlıq
Məni yerdən götürən
Güclü bir qanad olsun.
İstəmirəm azadlıq
Mən arzumun səsiyəm.
Mənə dərman neyləsin?
– Azadlıq xəstəsiyəm.
Hansı qanunda var ki,
Öz elindən olasan,
Öz dilindən olasan?
Hədəf də sən olasan,
Güllə də sən olasan…
Hansı qanunda var ki,
Bir xalqın ana dili
Dilim-dilim kəsilə?
Sənə yasaq edələr,
“Yandım” – deməyə belə…
O zaman bu sətirləri oxuyan hər kəs Sabirin dili ilə verilən bu alovlu misraların arxasında rəsmi dairələrdən qovulan öz ana dilinin vəziyyətini və taleyini düşünüb, vətəninin müstəmləkə olduğunu anlamalı, dərk etməli idi. Bu yöndən B.Vahabzadə ötən əsrin 50-ci illərindən başlayaraq milli düşüncə tərzinin təbliğatçısı kimi yazıb-yaratmağa başlamışdı. Onun bir çox əsərləri zamanı qabaqlamış, milli özünüdərkə müstəsna şəkildə təkan vermişdi. Milli şüurun oyanmasında B.Vahabzadənin xidmətləri bu baxımdan əvəzolunmazdır.
B.Vahabzadə milli ruhlu, vətənpərvərlik və vətəndaşlıq qayəli əsərlərinin mühüm bir qismini sovet siyasi rejimi dövründə qələmə almışdır. Senzuranın hökmran olduğu həmin illərdə şair böyük cəsarətlə yazırdı ki, “Balalarımızı beynəlmiləlçilik ruhunda böyütmək üçün də Vətən sevgisi əsas şərtdir”. Vətənə olan bu ilahi sevgi ədibin həyat və mübarizə amalının təməlində dayanırdı. O, bu sevgini daha böyük cəsarətlə poetik əsərlərində nümayiş etdirirdi Şairin bütün yaradıcılığından qırmızı xətt kimi keçən bu cəhət onun poetik təfəkküründə istiqlal məfkurəsinin formalaşmasında
həlledici rol oynamışdır.
Ümummilli lider Heydər Əliyev Bəxtiyar Vahabzadə haqqında çox dəyərli fikirlər söyləmişdir. O, qeyd etmişdir ki, xalqın düşüncə və arzuları, hiss və duyğuları, istək və amalları həmişə B.Vahabzadənin zəngin yaradıcılığınızın, mübariz poeziyanızın cövhəri olmuşdur. Məslək və əqidəsinin xidmətində sədaqətlə durmuş qələmi onu şöhrət zirvəsinə ucaltmış, Azərbaycanın sevimli sənətkarı etmişdir.
Çoxillik elmi-pedaqoji fəaliyyəti, nurlu şeir-sənət dünyası illər boyu gənclərin tərbiyəsinə böyük təsir göstərmiş, haqq-ədalətin uğrunda mübarizədə qalib gəlməyə xalqı səfərbər etmişdir. Bu gün Vətən torpağının keşiyində duran mərd oğul və qızlarımız məhz doğma xalqın, müqəddəs torpağın azadlığı üçün yanmaq amalı ilə yaşayır, döyüşür və yaradır.
Bəxtiyar Vahabzadənin şəxsiyyəti və yaradıcılığı xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. O, hər zaman azadlıq carçısı olmuş ən çətin anlarda belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışdır.
2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev milli ədəbi fikir xəzinəsinə qiymətli töhfələr bəxş etmiş söz ustası Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd olunması haqqında fərman vermişdir.
Bəxtiyar Vahabzadənin həm şəxsiyyəti, həm də yaradıcılıq yolu bu gün də sevilərək oxunur, tədqiq olunur.
İstiqlaliyyət carçısı B.Vahabzadənin əziz xatirəsi hər zaman ehtiramla anılacaq.
“Humanitar fənlər” FBK-nın sədri
Ülkər Bəşirova

Добавить комментарий