Kollecdə “Anım günü” ilə əlaqədar seminar keçirildi.
23 sentyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Anım günü” ilə əlaqədar seminar keçirildi. Seminarda çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimlərindən Mehman Kərimov bildirdi ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. 44 gün davam edən müharibə ərzində Azərbaycan ordusunun misilsiz döyüş qüdrəti, Ali Baş Komandan İlham Əliyevin düzgün hərbi siyasəti nəticəsində Cəbrayıl, Fizuli, Zəngilan, Qubadlı rayonları, 8 noyabr 2020-ci ildə isə Şuşa şəhəri işğaldan azad olunub. 10 noyabr tarixli üçtərəfli bəyənnamədə Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tam dayandırılması, 01 dekabr 2020-ci il tarixinədək Ermənistan qüvvələrinin ərazilərdən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat yollarının inşasının təmin edilməsi elan edilib. Müqaviləyə əsasən 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcərdə, dekabrın 1-də Laçın rayonları işğaldan döyüşsüz azad edilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ikinci Qarabağ müharibəsi bitdikdən sonra vətən müharibəsinin başladığı gün “Anım Günü” kimi qeyd edilir.
Sonda “Anım günü”nə həsr olunmuş videoçarx nümayiş olundu.