Kollecdə “Vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə” mövzusunda xüsusi dərs keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq kollecin Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri Farid Salayev tərəfindən “Vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə” mövzusunda xüsusi dərs keçirildi. Xüsusi dərsdə çıxış edən Farid Salayev gənclərin tərbiyəsində, vətənpərvər ruhda formalaşmasında milli mənəvi dəyərlərin rolunun əhəmiyyətindən, Ali Baş Komandanın güclü siyasətindən, müzəffər ordumuzun gücündən, xalqımızın həmrəyliyi, vətənpərvər gənclərimizin şücaəti ilə qazanılan qalibiyyətimizdən bəhs edərək bildirdi ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmışdır. Ümummmilli Liderimiz Heydər Əliyev öz siyasətində yeniyetmə və gənclərə daim qayğı göstərmiş, Respublikaya rəhbərlik etdiyi dövrlərdə yeniyetmə və gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu ənənə ölkə başçımız cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilir.
Sonda “Vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə” mövzusunda videoçarx nümayiş olundu və tələbələri maraqlandıran suallar cavablandırıldı.
.