20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
19 yanvar 2017-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. İlk olaraq 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş nitqi ilə direktor Ruslan Həmidov açaraq bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — Neftçalada və yanvarın 26-da Lənkəranımızda daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində, Moskvada.
Direktorun giriş nitqindən sonra “Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi” mövzusunda məruzə ilə kollecin müəllimi, t.ü.f.d. Cəmil Quliyev məruzə etdi. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi üzrə Ekologiya və Təbii sərvətlər şöbəsinin “Ətraf mühitin monitorinqi və ekoloji təbliğat” sektorunun müdiri Bəxtiyar Hüseynovun, kollecin tələbəsi Sumarə Bağırzadənin 20 yanvar faciəsi ilə bağlı çıxışları dinlənildi. Kollecin tələbələri Nərmin Məmmədzadə, Leyla Qafarzadə və Ləman Seyfullazadə 20 yanvar faciəsinə həsr olunmuş şerlər söylədilər. Tədbirin sonunda 20 yanvar faciəsini əks etdirən video rolik və kollecin musiqi müəllimi Yaqut Əliyevanın bəstələdiyi “Dəli bir ağlamaq keçir könlümdən” adlı musiqili kompozisiyası nümayiş etdirildi.