5 oktyabr Müəllim günü münasibətilə təntənəli tədbir keçirildi
05.09.2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında Müəllim Günü — təhsil sistemində çalışan insanların peşə bayramı münasibətilə təntənəli tədbir keçirildi. Tədbiri giriş nitqi ilə kollecin direktoru Ruslan Həmidov açaraq pedaqoji heyəti peşə bayramları münasibətilə təbrik etdi. Direktor davamlı iqtisadi inkişafda olan doğma Azərbaycanimizda bu peşə bayramının hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunduğundan, təhsilə və təhsil işçilərinə göstərilən dövlət qayğısından ətraflı danışaraq məruzə üçün sözü kollecin “Tarix və ictimaiyyət” FBK-sının sədri Əbdül Hüseynova verdi. Məruzəçi qeyd etdi ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında “Müəllimlər günü” Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.
Məruzədən sonra təbrik üçün kollecin müəllimi Şəhla Fərzullayeva söz verildi. O, müəllim yoldaşlarıni bu peşə bayramları münasibətilə təbrik etdi və onlara şərəfli vəzifələrinin icrasında müvəffəqiyyətlər arzuladı. Sonra tələbələr Leyla Qafarzadə və Nərmin Məmmədzadə doğma müəllimlərini müəllimə aid şerlər söyləməklə təbrik etdilər. Sonda müəllimlik fəaliyyətlərində və ictimai işlərdə fərqlənən bir sıra müəllimlər kollec rəhbərliyinin fəxri fərmanları ilə təltif olundular.