Təntənəli Məzun günü keçirildi
30 iyun 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin buraxılış kurs tələbələrinin təntənəli məzun günü keçirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru Ruslan Həmidov açaraq ölkəmizin təhsil sistemində gedən sürətli inkişafdan, bu sahədə yeni-yeni layihələrin həyata keçirilməsindən, ölkə rəhbərinin təhsil sisteminə göstərdiyi qayğı və diqqətindən konkret faktlərla ətraflı məruzə etdi. Direktor çıxışında cari tədris ilində kollecin qazandığı uğurlardan, aparılan yeniliklərdən və gələcəkdə nəzərdə tutulan işlərdən də məlumat verərək məzunları təbrik etdi, onlara uğurlar arzuladı və gələcəkdə təhsillərini davam etdirdikləri və ya çalışdıqları müəssisələrdə məzun olduqları kollecin şərəfini daim uca tutmağı tövsiyyə etdi. Sonra təbrikdən ötrü söz pedaqoji şöbənin müdiri Bəyəli Rüstəmova, musiqi şöbəsinin müdiri Fikrət Kərimliyə verildi. Çıxış edən digər müəllim və tələbələr də məzunları təbrik etdi və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladılar. Sonra məzunların bir qisminə təntənəli şəkildə diplomlar, təhsildə və ictimai işlərdə fərqlənən məzunlara isə fəxri fərmanlar təqdim edildi. Tədbirdə iştirak edən valideyn və məzunlardan bir neçəsi çıxış edərək tədbirin təşkilinə, göstərilən diqqət və qayğıya görə kollec rəhbərliyinə və müəllimlərə minnətdarlıqlarını bildirdilər. Rəngarəng konsert proqramı ilə davam edən məzun günü tələbə və müəllimlərin böyük sevincinə səbəb oldu.