“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edildi
Abidələr və Tarixi Yerlər Beynəlxalq Şurasının (İKOMOS) təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESKO) tövsiyyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək, mədəni irsin mühafizəsi istiqamətində imkanları səfərbər edərək tarixi abidələr və diqqətəlayiq yerlərin qorunmasına ictimaiyyətin diqqətini yönəltməkdir. Bu məqsədlə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Lənkəran rayonu üzrə abidə mühafizəçiləri, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi və Lənkəran Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə 18 aprel 2017-ci il tarixində saat 11:00-dan – 12:30-dək “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibəti ilə Lənkəran Tarix Diyarşünaslıq Muzeyində tədbir təşkil edilmiş və sonda tədbir iştirakçıları muzeydəki eksponatlarla tanış olmuş, tarixi abidə sayılan Xan evi haqqında məlumatlar əldə etmişlər.
Tədbirdə Lənkəran Dövlət Humanitar Kollecinin fəal tələbə və müəllim heyyəti, muzey və mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri, mətbuat nümayəndələri, o cümlədən Cənub ARB TV-nin əməkdaşları və digərləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Lənkəran rayonun abidə mühafizəçiləri üzrə məsul şəxsi Vamiq Babayev iştirakçılara “Beynəlxalq abidələr və tarixi yerlər günü”ün əhəmiyyətindən, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası Qanunun müvafiq bəndləri barədə, ölkə, eləcə də Lənkəran rayonu üzrə dövlət qeydiyatında olan abidələrin mühafizə məsələləri və ermənilər tərəfindən dağıdılmış və özgəninkiləşdirilmə təhlükəsi ilə üzləşən tarix və mədəniyyət nümunələri haqqında iştirakçılara məlumat vermişdir. Tədbirə dəvət olunmuş qonaqlardan cənub bölgəsinin tarixi üzrə müstəqil tədqiqatçı Ayaz Əhmədov bölgənin tarixindən və bir sıra tarixi faktlara toxunaraq iştirakçıları məlumatlandırdı və bu istiqamətdə müzakirələr apardı. Yekunda bütün iştirakçılara vətəndaşlıq borcu olaraq təmsil olunduqları sosial şəbəkələr vasitəsi ilə tarixi abidələrimizi, eləcədə özgəninkiləşdirilmə təhlükəsi ilə üzləşən abidələr haqqında ölkə və dünya ictimaiyyətinin məlumatlandırılması tövsiyyə edildi.