Bəstəkar Tofiq Quliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu

Bəstəkar Tofiq Quliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu

22 dekabr 2017-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin “Musiqi və təsviri incəsənət” şöbəsinin konsert zalında dahi bəstəkar Tofiq Quliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan, milli musiqi tariximizdə xüsusi yer tutan bəstəkar, Azərbaycan estrada və cazının klassiki, Xalq Artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbiri  giriş sözü ilə “Musiqi və təsviri incəsənət” şöbəsinin müdiri Fikrət Kərimli açaraq qonaqları salamladı. Sonra tədbirin qurucusu və aparıcısı “Musiqi nəzəriyyəsi və xor drijorluğu” fənn birləşmə komissiyasının sədri Zəminə Əliyeva bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığı  haqqında məlumat verdikcə tələbə və müəllimlərin canlı ifasında səslənən bəstəkarın mahnıları dinləyicilərin qəlbini oxşayırdı. Konsert proqramı ilə müşayət olunan tədbirdə kollecin müəllimləri İlqar Əliyev, Əli Hüseynov, Nigar Cəfərova, Firuzə Abışova, Minarə Qurbanova, Kəmalə Axundova, tələbələrdən Cavid Dadaşov, Humay Kəlbiyeva, Zümrüd Əliyeva, Elgün Əlizadə, Fidan Bəşirova, Müşərrəf İbrahimova, Əsədulla Həsən, Lamiyə Həsənlinin ifasında  bəstəkarın müəllifi olduğu mahnılar, kinofimlərə yazdığı instrumental musiqilər, caz musiqiləri ifa olundu.  Tədbirdə Xalq Artisti Tofiq Quliyevin ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı sənədli film də nümayiş edildi. Filmdə Tofiq Quliyevin Azərbaycan musiqisindəki əvəzolunmaz rolundan, 200-dən çox bir-birindən gözəl və yaddaqalan mahnıların müəllifi olmasından, 40-dan çox kinofilmə musiqi bəstələməsindən bəhs edildi. Onun geniş yaradıcılığının yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığı, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri olduğu qeyd edildi. Sənədli filmdə nümayiş olunan Ümummilli Lider Heydər Əliyevin bəstəkar Tofiq Quliyev  yaradıcılığına verdiyi qiymət və onun haqqında söylədiyi fikirlərlər iştirakçıları kövrəltsədə onun musiqisinin daim yaşayacağını bir daha təsdiqlədi. Yekunda Kollecin direktoru dosent Ruslan Həmidov çıxış edərək  tədbirin təşkilindən, əhəmiyyətindən danışdı.  “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Möhtərəm İlham Əliyevin 7 fevral 2017-ci il tarixli Sərəncamına uygun Respublikamızda kecirilən yubiley tədbirlərindən və görülən işlərdən söz açdı. Direktor tədbirin yüksək səviyyədə təşkilində əməyi olan hər bir müəllim və tələbəyə təşəkkürünü bildirdi və onlarla xatirə şəkli çəkdirdi.

         

Bir cavab yazın