Koronavirus pandemiyası bəşəriyyət üçün bir sınaqdır
Lənkəran, 2 may, Bağır Əliyev, AZƏRTAC
Son vaxtlarda əsas informasiya trendinə çevrilən COVID-19 pandemiyası insanlığın üzləşdiyi ağır bir imtahandır. Minlərlə insanın həyatına son qoyan, yüksək inkişaf etmiş tibbin hələ ki, çarə tapmadığı, aciz qaldığı bu virus bəşəriyyət üçün bir sınaqdır.
Bu sözləri Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi Qətilə Şükürova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
Pandemiyanın Azərbaycandan da yan keçmədiyini vurğulayan Q.Şükürova Prezident İlham Əliyevin çevik, düzgün və vaxtında həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizdə xəstəliyin dinamikasını nəzarətdə saxlamağın mümkün olduğunu diqqətə çatdırıb.
O deyib: “Koronavirusun ilk dalğası Azərbaycanda elə də geniş yayılmadı. Həyata keçirilən tədbirlər – vətəndaşlarımızın xarici ölkələrdən təxliyəsi, koronavirusla mübarizə fondunun yaradılması, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusi karantin rejiminin tətbiqi, qlobal mübarizəyə dəstək və digərləri xüsusilə qeyd edilməlidir. Bu tədbirlər o deməkdir ki, dövlət öz vətəndaşının sağlamlığını, həyatını qoruyur.”
Vətəndaşların bir qisminin xəstəliyin ciddiliyinin fərqinə varmadığını qeyd edən Kollecin müəllimi Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri ilə yanaşı, Lənkəran rayonunda da hələlik pandemiya təhlükəsinin sovuşmadığını bildirib, Lənkəran və Gəncə şəhərlərinin “Narıncı zona” elan edilməsini hər bir lənkəranlı üçün həyəcan siqnalı kimi dəyərləndirib. “Arxayınlaşmaq olmaz! Biz dövlətimizin qayğısına sosial məsuliyyətimizlə cavab verməliyik, deyilənlərə əməl etməli, sosial məsafəni saxlamalı, ailəmizi və ən əsası yaşlıları qorumalıyıq. Doğma iş yerlərimizə, təhsil ocaqlarımıza dönmək istəyiriksə, qaydalara ciddi riayət etməli, laqeyd olmamalıyıq. Son günlərdə əldə olunan müsbət nəticələr bizi arxayın salmamalıdır. Bu müsbət nəticələrin əldə olunması üçün gecə-gündüz bilmədən çalışan insanların – bizim üçün həyatlarını riskə atan, evindən-ocağından günlərlə ayrı düşən həkimlərimizin, polislərimizin və adlarını çəkmədiyim çoxlu fədakarların zəhmətlərinə qiymət verək, bir qədər də səbir, dözüm nümayiş etdirərək evdə qalaq, özünütəcrid qaydalarına əməl edək, koronavirussuz Azərbaycan yaradaq”, – deyə o bildirib.
Mənbə: https://azertag.az/xeber/Koronavirus_pandemiyasi_beseriyyet_uchun_bir_sinaqdir-1478035