Kollecdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi.
29 mart 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə iştirak edənlər soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan, hüquqi qiymət verilməsində və dünyaya tanıdılmasında Ulu öndər Heydər Əliyevin rolundan bəhs etdi.
Sonra “Tarix və sosial fənlər” FBK-nın müəllimi Qətilə Şükürova “Mart soyqırımı ərəfəsində Azərbaycanın siyasi-iqtisadi və sosial vəziyyəti” mövzusunda geniş məruzə etdi. Məruzədə Ermənilərin Azərbaycanlılara qarşı müxtəlif soyqırımı siyasətindən, 31 mart Azərbaycanlıların soyqırımı bəşəriyyətindən, insanlığa qarşı törədilən erməni vandalizminin təzahüründən danışdı.
“Tarix və sosial fənlər” FBK-nın müəllimi Əhmədzadə Mələk “ Lənkəran və digər rayonlarımızda törədilən soyqırımın tarixi keçmişi” mövzusunda çıxış edərək bildirdi ki, 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində Azərbaycanlıların yaşadığı 150-yə yaxın kənd xarabalığa çevrilib, 50 mindən çox soydaşımız qətlə yetirilib. 1918-ci ilin mart-aprel aylarında ermənilər rusların köməyi ilə Lənkəran qəzasında 40 kəndi yandırıb, 2000-dən çox günahsız insanı qətlə yetirib, Sütəmurdov, Girdəni, Gərmətük, Mamusta, Şıxəkəran, Vilvan, Xolmili, Kərgəlan və Osakucə kəndlərində qırğınlar, kütləvi talanlar törədiblər.
“Tarix və sosial fənlər” FBK-nın müəllimi Salayeva Günəş “31 Mart soyqırımının müasir dövrlə inteqrasiyası” mövzusunda çıxış etdi, Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin böyük Ermənistan xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Sonda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sənədli film nümayiş olundu.