Kollecdə Xocalı Soyqırımının 32-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Xocalı soyqırımının dəhşətindən, Xocalıda törədilən vəhşiliklərdən, Xocalı faciəsinin dünyaya tanıdılmasında Ulu Öndər Heydər Əliyevin və Cənab prezident İlham Əliyevin fəaliyyətindən bəhs edərək Xocalı faciəsinin gənc nəslə tanıdılmasının, öyrənilməsinin hər bir şəxsin vətəndaşlıq borcu olduğunu bildirdi. Çıxış edənlərdən “Tarix və Sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva (“Bəşəriyyətin ən dəhşətli faciəsi –Xocalı soyqırımı”) , Mələk Əhmədzadə (“Xocalı rayonu haqqında məlumat”), Sevinc Bağırova (”Xocalı soyqırımında iştirak edən Azərbaycanın Milli Qəhrəmanları”) , Günəş Salayeva (“Dünya mətbuatında Xocalı soyqırımı “) Xocalının Azərbaycan mədəniyyətində, iqtisadiyyatındakı rolundan, faciənin Xocalıda törədilməsinin əvvəlcədən düşünülmüş məkrli düşmən siyasətinin nəticəsi olmasından, Xocalıda törədilən vəhşiliklərdən, insanlığa sığmayan əməllərdən bəhs etdilər. Sonra kollec tələbələrinin iştirakı ilə “Xocalı – Uşaqlı, Cavanlı, Qocalı” adlı bədii kompozisiya “İnstrumental ifaçılıq (fortepiano, xalq çalğı alətlər)” FBK-nın sədri İlqar Əliyevin musiqi müşayəti ilə tədbir iştirakçılarına təqdim olundu. Sonda Xocalı həqiqətlərini əks etdirən videoçarx nümayiş olundu.