Kollecdə Xocalı Soyqırımının 33-cü il dönümünə həsr olunmuş tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Xocalı soyqırımının 33-cü il dönümünə həsr olunmuş “Xocalı – Uşaqlı, Cavanlı, Qocalı” adlı tədbir keçirildi. Tədbirdə Xocalı faciəsinin günahsız qurbanlarının və vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Xocalı soyqırımının dəhşətindən, Xocalıda törədilən vəhşiliklərdən, Xocalı faciəsinin dünyaya tanıdılmasında Ulu Öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin fəaliyyətindən bəhs edərək Xocalı faciəsinin gənc nəslə tanıdılmasının, öyrənilməsinin hər bir şəxsin vətəndaşlıq borcu olduğunu bildirdi. Çıxış edənlər “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva (“Xocalı faciəsi bizim qan yaddaşımızdır”), “Tarix və sosial fənlər” FBK-nın müəllimi Mələk Əhmədzadə (“Xocalı faciəsinin dünyada tanınması”) Xocalının Azərbaycan mədəniyyətində, iqtisadiyyatındakı rolundan, faciənin Xocalıda törədilməsinin əvvəlcədən düşünülmüş məkrli düşmən siyasətinin nəticəsi olmasından, insanlığa sığmayan əməllərdən bəhs etdilər.
Kollec tələbələrinin hazırladıqları bədii kompozisiya “İnstrumental ifaçılıq (fortepiano, xalq çalğı alətlər)” FBK-nın sədri İlqar Əliyevin musiqi müşayəti ilə tədbir iştirakçılarına təqdim olundu.
Sonda Xocalı həqiqətlərini əks etdirən videoçarx nümayiş olundu.