Kollecdə “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu”mövzusunda elmi-praktik konfrans keçirildi.

Kollecdə “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu”mövzusunda elmi-praktik konfrans keçirildi.

7 aprel 2023-cü il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu”mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Heydər Əliyev və onun Azərbaycan dövlətçilik tarixində əvəzsiz rolundan bəhs edərək sözü məruzəçilərə verdi. “Tarix və ictimai elmlər” FBK-nın müəllimi Qətilə Şükürova “Heydər Əliyev və təhsil siyasəti” adlı məruzəsi ilə  çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olmuşdur. Heydər Əliyevin istər Sovet ittifaqı dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı dönəmdə ölkəmizə rəhbərlik etdiyi zamanlarda həyata keçirdiyi təhsil siyasəti mühüm fundamental və tarixi əhəmiyyətli məqsədləri hədəfləmişdir.  Belə ki, liderin çoxşaxəli fəaliyyətində təhsil xüsusi yer almışdır. Ulu öndərin təhsil siyasəti dərin milli mənafelər üzərindən qurularaq ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət etmişdir. Yüksək inkişaf etmiş ali təhsil sistemi cəmiyyətin, dövlətçiliyin, iqtisadiyyatın və sosial-rifahın inkişafını təmin edir, ölkənin siyasi, hüquqi, beynəlxalq, hərbi qudrətini gücləndirir.

Məruzə ətrafında çıxış edən “Tarix və ictimai elmlər” FBK-nın sədri Günel Abdullayeva bildirdi ki, xalqımızın  böyük oğlu,dahi şəxsiyyət Heydər Əliyev hələ Respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı.Azərbaycan tarixinin,dilinin,ədəbiyyatının,mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası,ardıcıl səyləri sayəsində reallaşmışdır.

“Azərbaycan dili,ədəbiyyat və xarici dillər” FBK-nın sədri Bəşirova Ülkər çıxışında Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlılığını,Heydər Əliyevin respublikamıza rəhbərliyi dönəmində klassik irsimizə,dahi şairlərimizin mütəfəkkirlərimizin yaradıcılığına, öyrənilib tədqiq edilməsinə, şəxsiyyətlərin yubileylərinin keçirilməsinə,kitablarının nəşrinə xüsusi diqqət və qayğısından bəhs etdi.

“İqtisadiyyat və idarəetmə ”FBK-nın sədri Həbibi Həbib Heydər Əliyev və Azərbaycan İqtisadiyyatı” adlı çıxışında bildirdi ki,müasir Azərbaycanın dövlətçiliyinin formalaşmasında misilsiz rol oynamış Heydər Əliyev siyasət, mədəniyyət,cəmiyyətin inkişafını təmin edən digər sahələrdə olduğu kimi Azərbaycan iqtisadiyyatının formalaşmasında da özünəməxsus səmərəli rol oynamışdır.  Azərbaycan iqtisadiyyatının formalaşması və əldə olunan fundamental iqtisadi uğurlar onun adı ilə bağlıdır.Sonda Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olundu.

Bir cavab yazın