“Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda maarifləndirici görüş keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam Həmrəyliyi ili”nə və 15 sentyabr – Bilik Gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda Bilik Fondunun lektorlar qrupunun üzv, AMEA–nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidovla Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələrinin maarifləndirici görüşü keçirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru dosent Ruslan Həmidov açaraq belə maarifləndirici görüşlərin əhəmiyyəti və zəruriliyi haqqında məlumat verdi. Daha sonra professor İmamverdi Həmidovun “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” adlı geniş məruzəsi dinlənildi. Görüşdə Ulu Öndər Heydər Əliyevin İslam həmrəyliyi ideyasının banisi olduğu tarixi faktlar əsasında vurğulandı. Bildirildi ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə daim dindarların problemləri ilə maraqlanıb, dövlət – din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində böyük işlər görüb, xarici siyasətdə İslam amilinə xüsusi önəm verib. Məruzəçi Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı çağırışının Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü İslam birliyi ideyasının məntiqi davamı olduğunu söylədi. Azərbaycan dövlətinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını möhtəşəm təşkil etdiyini deyən mühazirəçi bildirdi ki, müxtəlif sivilizasiyaları idman yarışları ətrafında birləşdirməsi nəticəsində “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən oyunlar dünyanın, xüsusən, İslam ölkələrinin böyük rəğbətinə səbəb oldu. Xarici qonaqlar ölkəmizdən dostluq, həmrəylik mesajları ilə ayrıldılar. Professor məruzəsini Ulu Öndərin dövlətin dini dəyərlərin qorunmasına xüsusi önəm verdiyi bəyanatıyla tamamladı: «Biz heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq. Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir». Çıxışının sonunda professor İmamverdi Həmidov tələbələri maraqlandıran sualları cavablandırdı və yaradılan şəraitə görə Kollec rəhbərliyinə öz dərin təşəkkür və minnətdarlığını bildirdi.