Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə görüş
25.04.2017–ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Qarabağ müharibəsi veteranları və şəhid ailə üzvləri ilə görüş keçirildi. “Torpaq uğrunda ölən varsa, vətəndir” adlı bu dəyirmi masa Lənkəran Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar Təşkilatıın fəal üzvlərinin iştirakı ilə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Lənkəran rayon şöbəsinin və Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirildi. Şəhid Milli qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri dos. Fəxrəddin Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Əfqanıstan Veteranları Elşən Paşayev və Arif Quliyev tələbələrin qonaqları oldu. Açılış nitqi ilə kollecin direktoru r.ü.f.d., dosent Ruslan Həmidov çıxış edərək qonaqları bir-bir təqdim etdi və onları salamladı. Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin tələbələrlə tez-tez görüşməsi, onların səmimi fikirlərinin dinlənilməsi yetişməkdə olan gəncliyimizin vətənpərvərlik, dövlətçilik ideyaları ilə inkişaf etməsi baxımından daha təsirli olmasından danışdı. Direktor çıxışını davam etdirərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür və elə dünən müharibə veteranları ilə bağlı imzaladığı növbəti səramcam bunun bariz nümunəsidir. Kollecin TGT-nın sədri Eyyub Məmmədov çıxışında aprel döyüşləri zamanı təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribat əməllərinə silahlı qüvvələrimizin layiqli cavabı Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin, Azərbaycan ordusunun və dövlətimizin qüdrətinin təntənəsi olduğunu bildirdi.
Daha sonra Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev qeyd etdi ki, torpaq uğrunda ölən şəhidlərimizin qisası heç vaxt düşməndə qalmayacaq. Ali Baş Komandanın göstərişi ilə rəşadətli ordumuzun tez bir zamanda Dağlıq Qarabağı işğaldan azad edəcək günün yaxında olduğunu bildirdi. Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədri Fəxrəddin Hüseyn, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Əfqanıstan Veteranları Elşən Paşayev və Arif Quliyev çıxışlarında keçdikləri döyüş yollarından danışdılar və bu gün ordumuzun düşmənə hər zaman layiqli cavab verəcək gücdə olduğunu bildirdirərək tələbələrə hər zaman torpaq üçün, vətən üçün döyüşə hazır olmaqlarını tövsiyyə etdilər. Qonaqların səmimi söhbətləri dinlənildikdən sonra tələbələri maraqlandıran suallara cavab verildi. Tələbələrdən Ləman Seyfullazadə və Zeynəb Hüseynli vətənpərvərlik mövzusunda şerlər söyləməklə veteranları salamladılar. Tədbirə dəvət olunmuş Lənkəran Dövlət Universitetinin tələbələri Kamran Əlizadə və Xəqani Bədəlovun gitaranın müşayətilə tədbir boyunca ifa etdikləri mahnılar iştirakçıların ruhunu oxşayaraq görüşü daha da rövnəqləndirirdi.
Tədbirin sonunda kollecin tələbə və müəllimləri veteranlarla xatirə şəkilləri çəkdirdilər.