“Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi” münasibətilə tədbir keçirildi
Lənkəran Dövlət Humanitar Kollecində “Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi” ilə əlaqədar 1 noyabr 2017-ci il tarixində tədbir keçirildi. Lənkəran Dövlət Humanitar Kolleci ilə Yeni Azərbaycan Partiyasının Lənkəran şəhər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev, aparat rəhbəri Əliziya Ağayev, kollecin ictimai fəal YAP üzvləri, müəllim və tələbələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru, YAP LDHK ərazi ilk təşkilatının sədri, dosent Ruslan Həmidov açaraq qonaqları və iştirakçıları salamladı. Azərbaycanın dövlət himni səslədikdən sonra direktor Ümummili Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi şərəfli yoldan, əldə etdiyi nəaliyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edərək məlumat verdi. “YAP gəncləri və dövlətin gənclər siyasəti” mövzusunda məruzə üçün söz Kollecin “Tarix və ictimai elmlər” fənn birləşmə komissiyasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevə verildi. Sonra YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev çıxış edərək 1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsasının qoyulmasından, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyindən, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmasından, bu uğurların Cənab prezidentimiz İlham Əliyev tərəfindən yüksək fəallıqla nümayiş və davam etdirməsindən danışdı. Çıxış üçün söz YAP üzvü, Kollecin “Texnologiya müəllimliyi” ixtisasının IV kurs tələbəsi Gülnar Ağayevaya verildi. Natiq “Heydər Əliyev gənclər siyasətinin yaradıcısı kimi” adlı çıxışında son illər ölkədə gedən iri miqyaslı təhsil islahatlarından söz açdı. LDHK TGT İH-nin üzvü, “Məktəbəqədər təlim tərbiyə” ixtisasının II kurs tələbəsi Sumarə Bağırzadə çıxış üçün söz alaraq bildirdi ki, sıralarını genişləndirən Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə kimi ölkəmizin qüdrətlənməsi və xalqımızın rifahının daha da yaxşılaşdırılmasına bundan sonra da töhfələr verəcəyinə əminik. Tədbirin sonunda “Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi” ilə əlaqədar Kollecdə keçirilən şahmat və stolüstü tennis yarışlarının qalibləri mükafatlandırıldı. Şahmat turniri üzrə 1-ci yerə İlahə Əbilova, 2-ci yerə Ramil Həsənov, 3-cü yerə Nurdan İbrahimli, tennis yarışı üzrə 1-ci yerə İbrahim Abbaszadə, 2-ci yerə Tərlan Oruczadə, 3-cü yerə Ramil Məmmədzadə layiq görülərək YAP Lənkəran şəhər təşkilatının sədri Möhübbət Babayev tərəfindən imzalanmış fəxri fərmanla təltif olundular və onlara hədiyyələr verildi. Tədbir Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partyası ilə bağlı söylədiyi fikirlər olan videoçarxın nümayişi ilə yekunlaşdı.