28 may “Respublika günü”nə həsr olunmuş açıq dərs keçirildi
Artıq Lənkəran Dövlət Humanitar Kollecində əlamətdar günlər və bayramların müxtəlif formatlarda keçirilməsi ənənə halını almışdır. Belə ki, bir necə gün öncə 28 may “Respublika günü” münasibəti ilə kollecin “Fortepiano və ümumi fortepiano” FBK-nın müəllim və tələbələrinin konserti olmuşdu. 26.05.2017-ci il tarixində isə “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının I kursunda “İqtisadiyyatın əsasları” fənnindən “İqtisadiyyat və idarəetmə” FBK-nın sədri Qətilə Şükürovanın 28 may- “Respublika günü”nə həsr olunmuş açıq dərsi keçirildi. Açıq dərs dövlət himninin canlı ifasıyla başladı. Müəllim Qətilə Şükürova 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən ətraflı danışdıqdan sonra Müstəqil Azərbaycanın dayanıqlı inkişafına həsr olunmuş sənədli film nümayış olundu. Dərs tələbələrin fəal iştirakı və müasir təlim texnologiyalarının tətbiqi ilə keçirildi. Açıq dərsdə kollecin direktoru dos.Ruslan Həmidov, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, Tədris hissəsinin müdiri İlahə Əyyubova, “Qeydiyyat, qiymətləndirmə və monitorinq” bölməsinin rəhbəri Təravət Əmənova, müəllimlərdən Əbdül Hüseynov, Cəmil Quliyev, Məsmə Mikayılova və Cəsarət Kərimova iştirak edirdilər.