31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi
30 mart 2017-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Lənkəran şəhər gənclər və idman idarəsi və kollec Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılıgı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir iştirakçıları ilk öncə 31 mart Azərbaycanlıların Soyqırımında, Xocalı soyqrımında və vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər. Tədbiri giriş nitqi ilə kollecin direktoru Ruslan Həmidov açaraq Lənkəran şəhər gənclər və idman idarəsinin rəisi Yalçın Əhmədov və idarənin məsləhətçisi Mehman Əliyevə müraciətimizi qəbul edib tədbirin keçirilməsinə təstək olduqlarına və iştiraklarına görə minnətdarlığını bildirdi. Direktor çıxışına davam edərək bildirdi ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırım aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Sonra “Tarix və ictimai elmlər” fənn birləşmə komissiyasının müəllimi Günel Abdullayevanın məruzəsi dinlənildi. Məruzəçi 1918-ci ilin 30 mart və 3 aprel tarixlərində erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlının qətlə yetirilməsindən və on minlərlə insanın itkin düşməsindən ətraflı danışdı və sonda bildirdi ki, Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində bir sıra tədbirlər görülür. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb edib. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, azərbaycanlıların soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəltdi. Mart soyqrımı haqqında növbəti çıxışı “Arxiv işi və kargüzarlıq” ixtisasının III kurs tələbəsi İsa Əliyev etdi. Tədbirin sonunda 31 mart soyqırımı ilə bağlı sənədli film nümayiş olundu.