Kollecimizin tələbəsi Gülnar Ağayeva I yerə layiq görüldü
Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə 15-16 aprel 2017-ci il tarixlərində “Regional fizika və riyaziyyat” fənn olimpiadası keçirildi. Bölgə gənclərinin dəqiq elmlərə olan həvəs və marağını artırmaq, ölkə üçün potensial riyaziyyatçı kadrlar yetişdirmək işinə yardımçı olmaq, istedadlı gənclərin riyazi qabiliyyətlərini üzə çıxartmaq məqsədi daşıyan olimpiadanın açılışında LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov çıxış edərək bilik yarışmasına qatılan gənclərə uğurlar arzu etdi. Lənkəran Dövlət Humanitar Kollecinin direktoru, dosent Ruslan Həmidov isə çıxışında ilk dəfə olaraq təşkil olunan regional olimpiadanın kollec tələbələri üçün əhəmiyyətindən danışaraq olimpiadanın yüksək səviyyədə təşkilinə görə rektor vəzifəsini icra edən, professor Natiq İbrahimova və təşkilat komitəsinə minnətdarlığını ifadə etdi. Sonra olimpiadaya start verildi. Qeyd edək ki, olimpiada 3 istiqamətdə – orta məktəb, orta ixtisas məktəbi və ali məktəb tələbələri arasında fizika və riyaziyyat fənləri üzrə keçirildi. Bilik yarışmasına region üzrə 130 şagird və tələbə qatıldı. Bunlardan 79 nəfəri LDU-nun tələbələri (53 nəfər riyaziyyat, 26 nəfəri fizika), 9 nəfəri Lənkəran Dövlət Humanitar Kollecinin (5 nəfər riyaziyyat, 4 nəfər fizika), 4 nəfəri Masallı Dövlət Regional Kollecinin (2 nəfər riyaziyyat, 2 nəfər fizika), 4 nəfəri Astara Pedaqoji Kollecinin (hamısı riyaziyyat) tələbələri idi. 43 nəfər isə regionun orta məktəblərini təmsil edib. Keçirilən olimpiadada Orta ixtisas məktəblərindən riyaziyyat fənni üzrə 1-ci yerə Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi Gülnar Ağayeva, fizika fənni üzrə 2 və 3-cü yerə uyğun olaraq, tələbələrimiz Kürsümxanım Əkbərzadə və Firuzə Qasımlı layiq görüldülər. Olimpiada qaliblərinin mükafatlandırılması mərasimini LDU-nun rektor vəzifəsini icra edən, professor Natiq İbrahimov açaraq qalib tələbələri universitetin professor-müəllim heyəti adından təbrik etdi, onlara gələcək təhsil yollarında elmi uğurlar əldə etməyi arzuladı. Belə olimpiadaların bundan sonra müxtəlif fənlər üzrə mütəmadi keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov ölkənin inkişafının bu günkü gəncliyin səviyyəsindən, elmi bacarıqlqarından, zamanla ayaqlaşa bilmək qabiliyyətindən asılı olduğunu gənclərin diqqətinə çatdırdı. Sonra olimpiada qalibləri mükafatlandırıldı. Ən yaxşı iki nəticə göstərən qaliblərə kubok, fəxri fərman və xatirə hədiyyələri təqdim olundu. Biliyi ilə fərqlənənlərin mükafatı universitet rəhbərliyi tərəfindən təqdim edilən fəxri-fərmanlar və xatirə hədiyyələri oldu. Qeyd edək ki, olimpiadanın başlanğıcında iştirakçılarla, mükafatlandırma mərasimində isə qaliblərlə xatirə şəkilləri çəkildi.