Tələbələrimiz “Azərbaycan aşıq sənəti” mövzusunda təlimdə iştirak etdilər
Lənkəran Dövlət Humanitar Kollecinin “Musiqi və təsviri incəsənət” şöbəsinin tələbə və müəllimləri 19 oktyabr 2017-ci ildə Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “ Azərbaycan aşıq yaradıcılığı ” mövzusunda keçirilən təlimdə iştirak etdilər. Təlimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Aşıq sənəti” kafedrasının müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhliman Rəhimov və ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samirə Əliyeva aparırdı. Təlimdə iştirakçılara aşıq sənəti, onun inkişaf mərhələləri barədə məlumat verildi. Bildirildi ki, ozan-aşıq sənəti Azərbaycan el ədəbiyyatının ən zəngin qolunu təşkil edir. Bundan başqa aşıqların ifasında saz, nağara və balabanın müşayiəti ilə müxtəlif havalar səsləndirildi və deyişmələr oldu.Ustad aşıqlar çıxışlarından sonra tələbələrin suallarını cavablandırdılar, tələbələrin ifalarını dinlədilər və onlarla səmimi söhbət etdilər. Sonra xatirə şəkilləri çəkildi.