Pedaqoji Şuranın növbəti onlayn iclası keçirildi.
16 aprel 2021–ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə onlayn formatda Pedaqoji Şuranın iclası keçirildi. İclasın gündəliyində duran məsələlərlə bağlı məsul şəxslərin çıxışları dinlənildi. Ümumilikdə aşağıda qeyd edilən məsələlər müzakirə olundu:
- Vətənpərvərlik ruhunda tələbələrlə aparılan tərbiyə işlərinin vəziyyəti haqqında;
- Sosial şöbədə tədris və metodiki işlərin vəziyyəti haqqında;
- Kollecin kitabxanasında işlərin təşkili və kitab fondunun artırılmasının vəziyyəti haqqında;
- Cari məsələ.
Kollecin direktoru, Pedaqoji Şuranın sədri, dosent Ruslan Həmidov Şura iclasını giriş sözü ilə açdıqdan sonra 1–ci məsələ ilə bağlı söz tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayevaya verildi. Məruzəçi çıxışında bildirdi ki, dövlətimizin gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, təhsil müəssisələrinin ən vacib vəzifələrindən hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli–mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də tələbələr üçün əsil həyat, tərbiyə ocağıdır.Orta ixtisas təhsili müəssisələrində tələbələrin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, tələbələrdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə əsasən, bu işlər ardıcıl olaraq həyata keçirilməkdədir. Respublikamızın hər bir tədris ocağında olduğu kimi, Kollecimizdə də xüsusi fərmanlara, əmrlərə əsasən və bu istiqamətli tədbirlər planına uyğun olaraq yığıncaqlar, disputlar, görüşlər hal–hazırda onlayn formada olsa da təşkil olunur və keçirilir.
2020–ci ilin 27 sentyabrından başlamış, ədadət mübarizəmiz olan Vətən müharibəsinin Böyük Zəfərlə bitməsi, hər bir Azərbaycan vətəndaşını sevindirdiyi kimi biz təhsil işçilərindən, kollektivimizdən də yan keçmədi. Bu gün sevindirici məqam bir də ondan ibarətdir ki, əsgəri xidmətə çağırılan tələbələrimiz böyük fəxrlə səsləndirdiyimiz, haqq-ədalət savaşımız olan Vətən Müharibəmizin döyüş meydanlarında böyük qəhrəmanlıqlar göstərmiş, uğurlu bir hərb yolu keçmişlər. 30 ildən çox bir müddətdə mənfur düşmən tapdağında olan vətən torpaqlarımız, Ali Baş Komandanımız, Cənab İlham Əliyev və Rəşadətli Ordumuzun gücüylə düşmən tapdağından azad edilmişdir. Bu uğurda canından keçmiş Vətən oğullarımızın hər birinə Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik! Kollecimizin inzibati binasında əzizlərimiz olan Vətən Oğullarımızın şərəfinə sərgi guşələri yaradılmışdır; inanırıq ki, onların keçdiyi şərəfli döyüş yolu gələcək nəsillərimiz olan yetişən gənc nəsilimiz üçün daim çıraq olacaqdır.
Sonra söz Sosial şöbənin müdiri Gülayə Talışxanovaya verildi. Məruzəçi bildirdi ki, Sosial şöbə üzrə tədris prosesi Təhsil sisteminin təkmilləşdirilməsi haqqında verilmiş Fərman və Sərəncamlara, normativ aktlara, Tədris planına, Kollec rəhbərliyi tərəfindən verilmiş göstəriş və tövsiyyələrə uyğun şəkildə həyata keçirilməkdədir. 2020–2021–ci tədris ilinin II semestrin əvvəlində, FBK–lar üzrə fənn müəllimlərinin bütün sillabus və müvafiq proqramlar üzrə fəaliyyət göstərmələrinin təşkili məqsədilə, tədrisin bütün tələbləri əsas götürülərək müvafiq yoxlamalar aparılmış, pedaqoji fəaliyyətlərinin keyfiyyətli şəkildə yerinə yetirilməsi üçün müvafiq tövsiyyələr verilmişdir.
Sonuncu məsələ ilə bağlı Kitabxana müdiri Nigar Əskərova öz arayışını təqdim etdi.
Cari məsələ ilə bağlı Kollecin direktoru, dosent Ruslan Həmidov çıxış edərək bildirdi ki, dövlətimizin vətəndaşlarının sağlamlığının qorunması istiqamətindəki tədbirlər planının tərkib hissəsi olan COVİD–19–a qarşı mübarizədə, hər birimizin dəstək olmasının vacibliyini vurğulayaraq, vaksinasiyanın kütləvi şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladı. Kollecimizdə bu istiqamətdə maariflənmə işlərinin yüksək səviyyədə olduğunu bildirən natiq üzərimizə düşən vəzifələrin yerinə yetirməkdə davam etməli olduğumuzu söylədi. Azərbaycan Respublikası təhsil siyasətinin yerinə yetirilməsi, təhsil sistemlərinin təkmilləşdirilməsi haqqında, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin fərmanından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə, 2020–2021–ci tədris ilində də Kollecimizdə bir sıra onlayn görüşlər və tədbirlər keçirilmişdir. Bu fəaliyyətin davamlı olacağını söyləyən direktor, gənclərimizin yüksək təhsilə yiyələnmələriylə yanaşı, onlarda mənəvi tərbiyənin, xüsusən vətənpərvərlik motivlərinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin daha da genişləndirilməsi yolunda tapşırıqlarını verərək, Kollecimizdə yaxın zamanda Vətənə sevgi tərənnüm edən 44 günlük Vətən müharibəsi şəhidləri və qaziləri haqqında yeni stend guşənin yaradılacağı barədə məlumat verərək iclasa yekun vuruldu.
Cəmil Quliyev
Pedaqoji Şuranın katibi, tarix üzrə fəlsəfə doktoru