Şair Etibar Vəliyevin “Ürəyimdə döyünən vətən” adlı şerlər kitabının təqdimatı keçirildi
26 may 2017-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində AYB-nin və AJB-nin üzvü, prezident təqaüdçüsü, şair Etibar Vəliyevin “Ürəyimdə döyünən vətən” adlı kitabının təqdimatı və yaradıcılıq gecəsi keçirildi. Tədbiri kollecn direktoru dos.Ruslan Həmidov açaraq şairi və gələn qonaqları salamladı. Gecədə şairin yaxın qələm dostları, Lənkəran Yazıçılar Birliyinin məsul əməkdaşı, şair Ağamir Cavad, mərhum şair Həbib Səfərovun oğlu, Lənkəran rayon Şağlaser kənd 2 saylı orta məktəbin direktoru Məmməd Səfərov, Lənkəran qəzetinin müxbiri, AJB-nin və AYB-nin üzvü Xudaverdi Cavadov, Jurnalist yazar Bəxtiyar Əliyev iştirak edirdilər. Tədbirin aparıcısı, kollecin “Azərbaycan dili və ədəbiyyat” FBK-nın sədri Nuranə Əsgərova şairin həyat və yaradıcılığı haqqında məruzə etdi və videoçarx nümayiş edildi. Şairin qələm dostları “Ürəyimdə döyünən vətən” kitabındakı şerlər haqqında fikirlərini bölüşdülər. Bildirildi ki, bu artıq şairin işıq üzü görən dördüncü kitabıdır. Tədbirdə kollecimizin tələbələri Etibar Vəliyevin yazdığı şerləri ifa etdilər. Qafarzadə Leylanın söylədiyi “Şəhid anası”, Hüseynli Zeynəbın “Mən əsgər andını içib gəlmişəm”, Məmmədzadə Nərminın “Aprel döyüşləri”, Həsənova Sevərin “Qiyamətdir, qiyamət”, Əsədova Səhərin “Sevgi olmasaydı”, Fərəczadə Fəridənin söylədiyi “Vətən” adlı şerlər iştirakçıların könlünü oxşadı. “Musiqi və təsviri incəsənət” şöbəsinin müəllimi, bəstəkar Zəminə Əliyevanın şairin “Mən səni unuda bilmirəm axı” adlı şerinə bəstələdiyi musiqinin fortepianoda ifası yüksək alqışlarla qarşılandı. Sonda şair Etibar Vəliyev çıxış edərək tədbirin təşkilinə görə kollec rəhbərliyinə təşəkkürünü bildirdi və iştirakçıları maraqlandıran suallara cavab verdi. Sonda şair 30-dan artıq kitabını kollec kitabxanasına və avtoqraf yazmaqla tələbələrə hədiyyə etdi.