Kollecdə “Konstitusiya və Suverenlik ilinə” həsr olunmuş mühazirə dinlənildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Konstitusiya və Suverenlik ilinə” həsr olunmuş “Tarix və sosial fənlər” FBK-nın müəllimi Günel Abdullayevanın mühazirəsi dinlənildi. Günel Abdullayeva çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilmişdi. Bu Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverənliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanmışdı. Sərəncamda qeyd olunduğu kimi müstəqil və suverən dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu anti-terror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütöv və suverən Azərbaycanda bərqərar oldu. Qeyd edək ki, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək, insan hüquqları azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir. Azərbaycan Respublikasının ali baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və “Konstitusiya və suverenlik ili” nə həsr olunmuş videoçarx nümayiş olundu.