Kollecdə “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirildi.
18 mart 2026-cı il tarixdə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Novruz bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova müəllim və tələbə heyətini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, bərəkət, birlik, həmrəylik rəmzi olan Novruz bayramının ölkəmiz və xalqımız üçün tarixi, mədəni əhəmiyyətindən bəhs etdi. “İncəsənət fənləri” FBK-nın müəllim və tələbələrinin birgə hazırladıqları konsert proqramı, keçəl və kosanın tamaşaçılara sevinc bəxş edən rəngarəng çıxışı, “Dizayn (interyer üzrə)” ixtisasının I tədris ili tələbələrinin çəkdikləri maraqlı rəsmlər, eləcə də musiqi nömrələri, şeirlər, məzəli səhnəciklər tədbir iştirakçılarına xoş anlar yaşadaraq hər kəsə əsl bayram əhval-ruhiyyəsi bəxş etdi.
Sonda Novruz şənliyi milli birliyimizin və həmrəyliyimizin rəmzi olan möhtəşəm “Yallı” rəqsi ilə yadda qalan şəkildə başa çatdı.

