Kollec və Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar faciəsi Heydər Əliyevin böyük siyasətə qayıdışının başlanğıcıdır” adlı konfrans keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec və Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinə həsr olunmuş “20 Yanvar faciəsi Heydər Əliyevin böyük siyasətə qayıdışının başlanğıcıdır” mövzusunda konfrans keçirildi. Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Konfransı giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu qeyd etdi. Çıxış edənlər-YAP Lənkəran Rayon Təşkilatının sədri t.ü.f.d, dosent İqbal Əmənullayev, “Tarix və sosial fənlər ” FBK–nın sədri Günel Abdullayeva (20 Yanvar hadisələri fonunda Heydər Əliyevin tarixi mövqeyi), Aqrar və texnoloji şöbənin müdiri Ziya Əlinur (20 Yanvar hadisələrinin tarixi fəlsəfi konsepsiyası), “Humanitar fənlər” FBK-nın müəllimi Nuranə Əskərova (20 Yanvar şəhidləri-istiqlal şəfəqimiz), “Tarix və sosial fənlər” FBK-nın müəllimi Mələk Əhmədzadə (Tarixə 20 Yanvar faciəsi kimi düşmüş qanlı gecədən 36 il ötür) Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini eləcə də milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyindən bəhs etdilər. Bildirdilər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq iradəsini sındıra bilməmiş, əksinə, milli birliyi daha da möhkəmləndirmiş, müstəqillik ideyasını dönməz etmişdir. Bu qanlı hadisə xalqımızın yaddaşında təkcə faciə kimi deyil, qəhrəmanlıq və mübarizə salnaməsi kimi yaşayır.
Tədbirdə “20 Yanvar” faciəsini əks etdirən videoçarx nümayiş olunaraq, “İncəsənət fənləri” FBK-nın sədri İlqar Əliyevin ifasında kompozisiya səsləndirildi.

