Kollecdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadınlar – Cəmiyyətin Gücü” adlı tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadınlar – Cəmiyyətin Gücü” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Leyla İbrahimova bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə kollecin bütün xanım əməkdaşlarını və tələbələrini təbrik edib bildirdi ki, Azərbaycan qadını hər zaman müqəddəs ana adını uca tutub. Məhz belə anaların yetişdirdiyi igid övladlar sayəsində biz bu gün bayramlarımızı firavan şəkildə qeyd edirik. Onların zəhməti çox dəyərlidir, əvəzsizdir! Qadınlar cəmiyyət həyatında fəal təmsil olunurlar. Tarix boyu Azərbaycan qadını öz mübarizliyi ilə seçilərək ictimai-siyasi həyatda fəal iştirak edib. Bu gün də Azərbaycan qadınları ölkənin sosial, iqtisadi, elmi və mədəni inkişafında mühüm rol oynayır, müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlərlə cəmiyyətə dəyərli töhfələr verirlər. Onların fəaliyyəti gənc nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb edir.
Tədbirin bədii hissəsində “İncəsənət fənləri” FBK-nın müəllim və tələbələrinin birgə hazırladıqları konsert proqramı və qadınlara həsr olunmuş şeirlər təqdim olundu.
Məlumat üçün bildirək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə kollecdə çalışan bütün qadın əməkdaşlara pul mükafatı verilib.

