Kollecdə “Mərkəzə doğru” layihəsi çərçivəsində maarifləndirici görüş keçirildi.
10 mart 2026-cı il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran–Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Mərkəzə doğru” layihəsi çərçivəsində gənclərin şəxsi inkişafına dəstək göstərmək, onların karyera planlaşdırması ilə bağlı bilik və bacarıqlarını artırmaq, eyni zamanda müxtəlif layihə və proqramlarda iştirak imkanları barədə məlumatlandırmaq məqsədilə maarifləndirici görüş keçirildi. Tədbirdə çıxış edənlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran–Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, təlim texnologiyalarının tətbiqi və qiymətləndirmə şöbəsinin müdiri Həbib Həbibi Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyətindən, həyata keçirdiyi layihələr və gənclər üçün yaratdığı imkanlardan, mərkəzin təşkil etdiyi təlimlər, könüllülük proqramları, şəxsi inkişaf və liderlik bacarıqlarının artırılmasına yönəlmiş layihələr haqqında məlumat verdilər. Bildirildi ki, bu kimi təşəbbüslər gənclərin potensialının üzə çıxarılması, onların cəmiyyətin fəal üzvlərinə çevrilməsi və gələcək karyera yollarını daha düzgün müəyyənləşdirmələri baxımından mühüm əhəmiyyət daşıyır. Belə maarifləndirici görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsinə və onların sosial fəallığının artmasına mühüm töhfə verdiyi vurğulandı.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

