Kollecdə “Kitabın-mütaliyənin insan psixologiyasına təsiri” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Kollecin psixoloqu Zülfiyyə Əliyeva, “Tarix və sosial fənlər” FBK-nın müəllimi Zaidə Məlikova, “Kitabxana işi” ixtisasının I və II tədris ili tələbələrinin iştirakı ilə “Kitabın-mütaliyənin insan psixologiyasına təsiri” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər kitabın insanın dünyagörüşünü genişləndirən, onun düşüncə tərzini formalaşdıran və cəmiyyətə faydalı bir şəxsiyyət kimi yetişməsinə töhfə verən ən dəyərli vasitələrdən biri olmasından, mütaliənin insanın psixoloji vəziyyətinə müsbət təsir göstərməsindən, onun emosional sabitliyini qorumağa kömək etməsindən, gündəlik həyatın yaratdığı gərginlikdən uzaqlaşmaq üçün ən təsirli vasitələrdən biri hesab olmasından bəhs etdilər. Bildirildi ki, mütaliə yalnız bilik əldə etmək vasitəsi deyil, həm də insanın psixoloji sabitliyini qorumaq, stress və gündəlik həyatın yaratdığı gərginlikdən uzaqlaşmaq üçün ən təsirli vasitələrdən biridir. Bu, insanın daxili rahatlığını təmin edir, onun düşüncə və hiss dünyasını balanslaşdırır, sağlam psixoloji mühitdə yaşamasına şərait yaradır, kitab insanın daxili aləmini zənginləşdirir, onun empatiya hissini inkişaf etdirir və digər insanların hiss və düşüncələrini daha yaxşı anlamağa kömək edir. Beləliklə insanın sosial münasibətlərinin formalaşmasına, cəmiyyətə uyğunlaşmasına və sağlam psixoloji mühitdə yaşamasına müsbət təsir göstərir. Kitab və mütaliə həyatımızın ayrılmaz hissəsi olmalıdır, hər bir insan üçün kitabın daimi yoldaş, bilik və təcrübə mənbəyi kimi əhəmiyyəti böyükdür.

